
Valideyn olmaq həyatın ən böyük xoşbəxtliklərindən biridir. Amma çox zaman “yaxşı ana”, “yaxşı ata” olmaq uğrunda valideynlər özlərini tamamilə unudur, ehtiyaclarını ikinci plana atır, hətta bəzən tamamilə yox sayır. Halbuki valideyn olmaq özünü itirmək deyil, əksinə, daha dolğun yaşamaq imkanıdır.
Bir çox ana-ata gün ərzində yalnız uşağın ehtiyaclarını düşünür: qidası, təhsili, sağlamlığı, xoşbəxtliyi… Və nəhayət, günün sonunda özləri üçün heç bir enerji qalmadığını hiss edir. Bu uzun müddət davam edəndə isə tükənmişlik, narazılıq, emosional yorğunluq qaçılmaz olur. Unutmayaq ki, xoşbəxt uşaq xoşbəxt valideynlə böyüyür.
Uşaq üçün ən dəyərli şey, daim onun yanında olub hər şeyə nəzarət etmək deyil. Ən gözəl nümunə – öz həyatını balanslı yaşayan, öz maraqlarına zaman ayıran, özünü sevən valideyndir. Uşaq belə valideyni müşahidə edərək anlayır: “Mənim də hisslərim, ehtiyaclarım dəyərlidir”, “Mən böyüyəndə sadəcə işləmək və qayğı çəkmək üçün yaşamayacam”.
Özünü unutmaq nə uşağı daha xoşbəxt edir, nə ailəni daha sağlam saxlayır. Əksinə, özünə dəyər verən, istirahət edən, inkişaf edən, öz istəklərini həyata keçirən valideyn daha səbirli, daha şən, daha yaradıcı olur. Və bu birbaşa uşağın inkişafına da müsbət təsir edir.
Valideyn olaraq özünüz üçün zaman ayırmaq eqoistlik deyil – özünü qayğı ilə bəsləməkdir. Oxumaq, sevdiyiniz bir məşğuliyyətlə məşğul olmaq, dostlarla vaxt keçirmək, idman etmək və ya sadəcə dincəlmək – bunlar valideyn kimi güclənməyin təməlidir.
Unutmayaq, biz valideyn olmaqla yanaşı, həm də fərd, insan, qadın, kişi, dost, həyat yoldaşıyıq. Özümüzü unudanda bütün bu kimliklərdən uzaqlaşırıq. Amma onları yaşatdıqca daha balanslı və daha sağlam valideynə çevrilirik.
Valideyn olmaq həyatın ən gözəl roludur, amma bu rol üçün özünüzü silmək məcburiyyətində deyilsiniz. Öz ehtiyaclarınızı görmək, istəklərinizi yaşamaq və öz xoşbəxtliyinizi qorumaq, uşağınız üçün ən gözəl nümunədir.
Unutmayın, özünü unudan valideyn yorular, özünü yaşayan valideyn güclənər. Uşaqlar da ən çox güclü, balanslı və xoşbəxt valideyndən öyrənir. 💛