
Valideyn olmaq həm sevinc, həm məsuliyyət, həm də tükənməz enerji tələb edən bir həyat roludur. Amma bir çox ana və ata bunu boynuna götürəndə tez-tez unudur: valideyn olmaq, özünü tamamilə unutmaq demək deyil. Çox vaxt “mən yorğunam” deməyə belə fürsət tapmadan uşaq, ev, iş, sosial həyat kimi gözləntilərin içində itirik. Əslində isə valideyn yorğunluğu çox realdır və zamanında hiss edilməzsə, həm özünüzü, həm də ailənizi zədələyə bilər.
Valideyn yorğunluğu sadəcə fiziki deyil, emosional və zehni tükənmədir. Gün boyu “yetişməli”, “yetərincə yaxşı olmalı”, “səbirli qalmalı” hissi insanı yavaş-yavaş yorur. Xüsusilə kiçik yaşlı uşaqları olan valideynlər “özüm üçün zaman ayırmaq eqoistlikdir” düşüncəsinə düşür və nəticədə əsəbi, gücsüz və motivasiyasız bir dövrə girirlər.
Bəs nə etməli? Özünüzü necə yükləmədən həm xoşbəxt valideyn, həm balanslı insan qalmaq olar?
💡 1. Özünüzü günahkar hiss etməyin
Hər kəsin dincəlməyə, nəfəs almağa haqqı var. Əgər siz yaxşı hiss etmirsinizsə, uşağınıza sevgi vermək də çətinləşəcək. Özünüz üçün zaman ayırmaq vicdan əzabı yaratmamalıdır.
💡 2. Kiçik fasilələr yaratmaq vacibdir
Tam tətillər gözləməyin. Gündə 10 dəqiqəlik sakit bir kofe içmək, kitab oxumaq və ya kiçik gəzinti belə sizə enerji qaytaran balaca “mən anlarınız” ola bilər.
💡 3. Hər şeyi öz üzərinizə götürməyin
Yardım istəmək zəiflik deyil. Eşinizdən, ailənizdən, dostlarınızdan dəstək almaq həm sizin rifahınızı artırır, həm də uşağa ailə birlikdəliyinin gözəlliyini göstərir.
💡 4. Sosial həyatınızı unutmayın
Uşaqdan əvvəl kim idinizsə, o insanı yaşatmağa davam edin. Dostlarla görüş, maraq dairələriniz, kiçik hobbilər sizi daha balanslı valideynə çevirəcək.
💡 5. Tələblərinizi sadələşdirin
Evdə hər şey mükəmməl olmaya bilər. Yeməklər bəzən sadə, ev bəzən dağınıq, günlər bəzən planlı olmaya bilər – bu normaldır. Prioritetiniz sağlamlıq, sevgi və rahatlıq olmalıdır.
Unutmayın, xoşbəxt valideyn olmaq daha yaxşı valideyn olmaq deməkdir. Özünüzü daim tükəndirmək övladınıza yaxşı nümunə yaratmaz. Əksinə, hisslərini, ehtiyaclarını tanıyan və bunları balanslayan bir ana-ata övladına da özünə dəyər verməyi öyrədəcək. Valideynlik bir marafondur, tək nəfəsə qaçmaq deyil. Ara-sıra dayanmaq, nəfəs almaq, özünüzü xatırlamaq bu yolun daha sağlam keçməsini təmin edəcək.