Uşaq Sakitdirsə, Həmişə Rahatdır Demək Deyil

Uşaq Sakitdirsə, Həmişə Rahatdır Demək Deyil

Uşaqlar haqqında danışarkən tez-tez “çox sakit uşaqdır” ifadəsini eşidirik. Çox zaman bu söz tərif kimi səslənir – “heç nəyə qarışmır”, “öz-özünə oturur”, “sakitcə oynayır”, “başağrısı deyil”. Valideynlər və müəllimlər üçün belə uşaqlar bəzən “ən rahat” hesab olunur. Amma bir sual var: sakitlik həmişə yaxşı haldırmı?

Uşağın sakitliyi bəzən doğrudan da şəxsiyyətinin bir parçası ola bilər – utancaq, sakit təbiətli, müşahidə etməyi sevən uşaqlar da var. Amma bəzi hallarda bu sakitlik, əslində, çox şeyin səsiz ifadəsidir.

Bir uşaq anidən susursa, əvvəl danışdığı qədər danışmırsa, sual vermirsə, oyun oynamırsa və ya çəkilib bir küncdə sakitcə oturursa – bu, mütləq “rahatlıq” əlaməti deyil. Bəzən bu, özünü ifadə edə bilməmək, qorxu, narahatlıq, diqqət çatışmazlığı, travma və ya emosional yükün nəticəsi ola bilər.

Uşaqlar böyüklər kimi emosiyalarını açıq-aşkar sözlərlə ifadə edə bilmirlər. Onlar bir çox hallarda hisslərini davranışları ilə göstərirlər – bəzən aqressiya ilə, bəzən isə sükutla. Sükutla verilən mesaj isə daha çətin anlaşılır. “Yaxşıdır da, sakitdir” deyib keçmək asandır. Amma bəlkə də uşaq sadəcə eşidilmədiyini, görünmədiyini və ya narahatlığının anlaşılmadığını düşünür.

Məsələn, ailədə dəyişiklik (boşanma, köç, yeni bacı-qardaş), məktəbdə yaşadığı bir sıxıntı (zorakılıq, müəllimlə anlaşılmazlıq) və ya evdəki emosional iqlimdə olan gərginlik – bütün bunlar uşağın içə qapanmasına səbəb ola bilər. Onun sakit görünməsi isə sadəcə emosiyalarını basdırmaq strategiyası ola bilər.

Əgər uşaq sakitdirsə, onunla mütləq emosional əlaqə saxlanmalıdır. Hər gün “bugün səni nə sevindirdi?”, “biraz danışmaq istəyirsən?” kimi cümlələrlə dialoq qurmaq, uşağın özünü daha rahat və güvəndə hiss etməsinə kömək edə bilər.

Sakit uşaqla ünsiyyətdə səbir və müşahidə əsas rol oynayır. Əgər uşaq danışmırsa, onu məcbur etmək yox, gözləmək və onun danışmağa hazır olduğu anı qaçırmamaq lazımdır. Çünki o sakitliyin arxasında çox vaxt deyilməmiş sözlər, hiss olunmamış duyğular və bölüşülmək istəyən xatirələr gizlənir.

Hər sakit uşaq “rahat” uşaq deyil.
Bəziləri sadəcə “eşidilmədiklərini düşündükləri üçün susurlar.”
Valideyn olaraq bizə düşən, onların səsini gözləmək deyil – duyğularını eşidə bilməkdir.
Unutmayaq: bəzən uşaqla qurulan səssiz bağ, ən dərin ünsiyyətdir.

Fikir Bildir

yenilə, əgər kod görünmürsə