
Uşaq böyütmək çox gözəl, amma bir o qədər də yorucu bir macəradır. Bu macəranın içində bəzən elə gecələr olur ki, uşaq bircə saat belə yatmır, valideynin gözünə isə səhər açılmaq bilmir. Qaranlıq otaqda əllərimizlə sakitləşdirməyə çalışdığımız o kiçik bədən əslində bizə bir mesaj verir: “Mənə qulaq as.” Uşağın yatmaq istəməməsi sadəcə fiziki bir ehtiyacla bağlı olmaya bilər. Bəzən bu, onun daxilində baş verənlərə, gündəlik həyatda yaşadığı dəyişikliklərə və ya sadəcə sizdən ayrılmaq istəmədiyinə görə ola bilər.
Əvvəlcə sual verək: uşaqlar niyə yatmaq istəmir? Ən yayılmış səbəblərdən biri ayrılma qorxusudur. Xüsusilə 6 aydan sonra uşaq anadan ayrı qalmaqdan narahat olmağa başlayır. Bu, onun üçün təhlükə siqnalıdır. Gündüz çox yatmaq və ya nizamsız yatmaq da gecə yuxusunu poza bilər. Digər tərəfdən, diş çıxarma, qaz, soyuq, aclıq kimi fiziki narahatlıqlar da yuxusuz gecələrin səbəbi ola bilər. Bəzən də, sadəcə gün ərzində çox sayda təsirə məruz qalan uşaq hələ tam sakitləşməyib deyə, yata bilməz. Ekran qarşısında uzun vaxt keçirmək isə uşağın melatonin səviyyəsini salaraq, yuxuya getməsini çətinləşdirir. Və nəhayət – psixoloji dəyişikliklər: yeni bir bacı-qardaşın doğulması, evdəki rutinlərin dəyişməsi, bağçaya başlamaq və s. kimi vəziyyətlər uşağın daxili balansını poza bilər.
Bəs nə etməli? İlk və ən vacib addım yuxu rutini yaratmaqdır. Hər axşam eyni ardıcıllıqla davam edən sadə rituallar – məsələn, ilıq duş, yumşaq pijama, sevimli nağıl və sakitləşdirici bir musiqi uşağa “artıq yatmaq vaxtıdır” mesajı verəcək. Ekranları yuxudan ən az 1 saat öncə uzaqlaşdırmaq isə çox vacibdir – çünki ekranın yaydığı mavi işıq yuxu hormonunu azaldır. Gecə yatmazdan əvvəl uşağınızla 10 dəqiqəlik bir söhbət anı yaradın. Soruşun: “Bu gün səni nə sevindirdi? Nə kədərləndirdi?” Bəzən uşaq sadəcə duyulmaq istəyir. Uşağınızı yatağa qoyarkən ona güvən dolu cümlələr deyin: “Mən burdayam. Səni sevirəm. Səhər oyananda yanında olacağam.” Bu cür cümlələr onun beynində güvən dolu izlər buraxır.
Uşağınızı hər gecə eyni saatda yatızdırmağa çalışın. Saat 21:00 ətrafı yuxu üçün ideal zamandır. Vaxt keçdikcə bədəni bu ritmə uyğunlaşacaq. Və ən önəmlisi: özünüzə qarşı mərhəmətli olun. Uşağınız gecə yatmırsa, bu sizin pis valideyn olduğunuzu göstərmir. Bu sadəcə keçici bir dövrdür. Bəzən uşağın ehtiyacı olan tək şey, yanında sakit və anlayışlı bir böyüyün olmasıdır.
Unutmayın, uşaq üçün yatmaq sadəcə fiziki bir ehtiyac deyil – bu, təhlükəsizlik, sevgi və güvən hissi ilə sıx bağlıdır. Sizin sevginiz, səbriniz və varlığınız onu sakitləşdirən ən güclü “yuxu dərmanıdır”. Gecələr daha rahat, sabahlar daha gülümsər olacaq – siz sadəcə davam edin.