
“Yenə də yemədi...”, “Ağzına qoyuram, fırladıb çıxarır…”, “Bir qaşıq üçün nə qədər danışıram…” – tanış cümlələrdir, deyilmi? Valideynlərin ən çox yaşadığı gündəlik stresslərdən biri də məhz uşağa yemək yedizdirməkdir. Bu proses bəzən bir döyüşə çevrilir – bir tərəfdə səbirsiz ana-ata, o biri tərəfdə inadkar balaca...
Amma gəlin bu mənzərəni bir az dəyişək. Bəlkə də problem, uşağın yemək yeməməsi deyil, bizim yeməyə yüklədiyimiz mənalardadır. Bəlkə də onu doyurmaq deyil, “dediyimizi etməyə məcbur etmək” istəyirik. Halbuki yemək vaxtı – uşağın təhlükəsizlik hissini formalaşdıran, özü ilə bağlı qərar vermə gücünü hiss etdiyi bir zamandır. Və bu zamana necə yanaşdığımız onun həm fiziki, həm də emosional inkişafına birbaşa təsir edir.
Uşaqlar yeməyə qarşı müxtəlif münasibət göstərə bilər. Biri hər şeyi dadar, digəri yalnız seçdiklərini yeyər. Bu fərqliliklər onların şəxsiyyətinin bir parçasıdır. Uşaq müəyyən dövrlərdə sadəcə çörək və ya təkcə meyvə ilə kifayətlənə bilər. Bu keçicidir və narahatlıq doğurmamalıdır – əgər ümumi vəziyyət yaxşıdırsa, sadəcə müşahidə edin.
Yeməyi uşağa qəbul etdirmək üçün istifadə olunan cümlələr – “yeməsən böyüməzsən”, “bu sənin üçün xeyirlidir” və s. – bəzən əks təsir yaradır. Uşaq yeməyi cəza və ya mükafat vasitəsi kimi gördükcə, yeməklə olan münasibəti də zədələnir. Əvəzində ona seçim haqqı tanıyın. Qoy, öz qaşığını özü seçsin, özü süfrəyə əyləşsin, özü istəsin. Sizin rolunuz sadəcə dəvət etməkdir – məcbur etmək yox.
Qida seçiciliyi ilə qarşılaşanda ilk reaksiya: əsəbiləşmək yerinə səbri seçin. Uşaq yeni dadlara öyrəşmək üçün bəzən 7-10 dəfə eyni yeməklə qarşılaşmalıdır. Bu dövrdə vizual təqdimat, əyləncəli boşqablar və sizin nümunə olmağınız çox təsirlidir. Siz hansı qidanı sevə-sevə yeyirsinizsə, uşaq da ona maraq göstərəcək.
Ən əsası isə – yemək vaxtını sevgi dolu bir əlaqəyə çevirin. Süfrə arxasında birlikdə olmaq, diqqəti yalnız yeməyə deyil, bir-birinizə yönəltmək, uşağın “dinlənildiyini” hiss etməsi onun öz bədənini və ehtiyaclarını daha yaxşı anlamağa şərait yaradacaq. Yemək yedirtmək bir tapşırıq yox, birlikdə zaman keçirmək fürsəti olmalıdır.
Uşaq yeməyi bir öhdəlik kimi deyil, sevgi ilə təqdim olunan bir fürsət kimi görərsə, bu münasibət ömür boyu davam edəcək. Məqsəd sadəcə doyması deyil, qidalanma ilə bağlı müsbət emosional bağ qurmasıdır.