
25 may 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Güvən Dayə Xidməti və Seni Azərbaycan-ın birgə təşkilatçılığı ilə “Hamilə Qadınların Maarifləndirilməsi” mövzusunda maarifləndirici təlim proqramı həyata keçirildi.
Tədbirin əsas məqsədi hamiləlik dövründə qadınların sağlamlıq, şəxsi gigiyena, düzgün qidalanma və psixoloji hazırlıq mövzularında məlumatlandırılması idi. Təlimdə müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər çıxış edərək gələcək analara həm nəzəri biliklər, həm də praktik tövsiyələr verdilər. İştirakçılar doğuşa hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklər, bu dövrdə özlərinə necə daha yaxşı qayğı göstərə biləcəkləri və yeni doğulacaq körpənin sağlam inkişafı üçün vacib məqamlarla tanış oldular.
Tədbir boyunca iştirakçılar aktiv şəkildə suallar verərək mütəxəssislərlə fikir mübadiləsi aparmaq imkanı qazandılar. Səmimi və interaktiv şəkildə keçən bu görüş həm maarifləndirici, həm də ruhlandırıcı bir platformaya çevrildi.
Təlimin sonunda bütün iştirakçılara kiçik, lakin dəyərli hədiyyələr təqdim olundu. Bu incə jest həm minnətdarlıq ifadəsi, həm də onların bu xüsusi dövründə yanında olduğumuzu göstərmək məqsədi daşıyırdı.
Gələcək anaların maariflənməsi cəmiyyətin sağlam gələcəyi üçün atılan mühüm addımlardandır. Biz də Güvən Dayə Xidməti olaraq bu kimi təşəbbüslərlə anaların yanında olmağa davam edəcəyik.