
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə tədbir keçirilib. Görüş İSİM-in inzibati binasında baş tutub.ədbirin məqsədi yaşlı insanların cəmiyyətə verdiyi töhfələrin qeyd olunması, onların sosial müdafiəsinin və həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımların müzakirəsi idi.
Tədbirdə müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sosial xidmət müəssisələrinin nümayəndələri ilə yanaşı, “Güvən Dayə” şirkətinin təsisçi direktoru Sara Şavaqatova da iştirak etdi. O, çıxışında yaşlılara göstərilən sosial və tibbi xidmətlərin mövcud vəziyyəti ilə bağlı fikirlərini bölüşdü, bu sahədəki ehtiyaclara diqqət çəkdi və təkliflər irəli sürdü.
Tədbir zamanı yaşlılara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, evdə qulluq xidmətlərinin genişləndirilməsi, psixososial dəstək imkanlarının inkişaf etdirilməsi və bu sahədə çalışan mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi kimi vacib məsələlər müzakirə olundu.
Eyni zamanda, dövlət, özəl və ictimai sektorlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulandı. Təkliflər əsasən ahıl əhalinin gündəlik ehtiyaclarının qarşılanması, onların cəmiyyətə daha fəal inteqrasiyası və rifah halının yaxşılaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə yönəldi.
Tədbir, yaşlı insanlara diqqət və qayğının artırılması, onların layiqli həyat şəraitinin təmin olunması istiqamətində mühüm müzakirə platforması rolunu oynadı.
