Uşağınızın Sevgini Necə Hiss Etdiyini Bilirsinizmi?

Uşağınızın Sevgini Necə Hiss Etdiyini Bilirsinizmi?

Valideynlər olaraq uşaqlarımızı sevdiyimizi düşünürük. Hətta çox sevdiyimizi. Onlar üçün yorulmadan çalışır, ən yaxşı məktəblərə yazdırır, ehtiyaclarını qarşılamaq üçün öz ehtiyaclarımızdan keçirik. Onlara “səni sevirəm” deyirik, gözəl paltarlar alırıq, gələcəklərinin yaxşı olması üçün əlimizdən gələni edirik. Amma bəzən bir uşaq sakitcə içindən belə deyir: “Amma mən özümü o qədər də sevilmiş hiss etmirəm...”

Çünki sevgi, yalnız verdiyimiz deyil, qarşı tərəfin hiss etdiyi qədərdir. Biz onun üçün çalışırıq, o isə bizimlə oyun oynamaq istəyir. Biz ona gündə on dəfə “səni sevirəm” deyirik, o isə sadəcə gözümüzə baxıb dinləməyimizi arzulayır. Biz deyirik: “Axşam evə gəlib dincəlmək istəyirəm, bütün gün işlədim.” O isə gün boyu bizi gözləyib deyir: “Mən sadəcə beş dəqiqə söhbət etmək istəyirdim.”

Əslində heç bir tərəf haqsız deyil. Valideynin sevgisi gerçəkdir. Amma uşaq bu sevgini bəzən öz dili ilə duymur. Hər uşağın sevgi dili fərqlidir. Kimisi üçün birlikdə oyun oynamaq sevgidir. Kimisi üçün fiziki toxunuş – qucaq, saçını oxşamaq. Kimisi üçün sadəcə sakitcə yanında oturmaq, göz kontaktı qurmaq. Uşaqlar sevildiklərini hiss etmək üçün sözlərdən daha çox davranışlara baxırlar.

Valideyn deyir: “Mən onun üçün çalışıram.” Uşaq deyir: “Mən sadəcə istəyirəm ki, mənimlə bir filmə baxsın.”
Valideyn deyir: “Mən hər şeyini alıram.” Uşaq deyir: “Bəs niyə mənə vaxt ayırmır?”
Valideyn deyir: “Mən onun valideyniyəm.” Uşaq isə deyir: “Bəzən sadəcə dostum olsun istəyirəm...”

Bəzən sevgini veririk, amma bizim verdiyimiz şəkildə deyil. Uşağın ehtiyac duyduğu formada deyil. Onlar sevgini hiss etmək üçün bizimlə bir an yaşamaq istəyirlər. Qucaqlanmaq, bərabər gülmək, oyun oynamaq, öz hisslərini danışmaq və dinlənilmək.

Əgər “Mən uşağımı çox sevirəm” deyirsinizsə – bu əladır. Amma indi daha vacib bir sual var:
Uşağınız bu sevgini öz dili ilə hiss edir?

Fikir Bildir

yenilə, əgər kod görünmürsə