Qadın Sağlamlığı və Psixoloji Dəstək Təlimi – SDU

Qadın Sağlamlığı və Psixoloji Dəstək Təlimi – SDU

29 aprel 2025 Tarixində Güvən Dayə Xidməti və təşkilati dəstək olan Güvən Karyera və İnkişaf Akademiyası, LİBRAFF kitab mağazaları şəbəkəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Sumqayıt Dövlət Universiteti və Bella Azərbaycanın birgə əməkdaşlığı ilə “Qadın Sağlamlığında Psixoloqun Rolu və Gigiyenik Baxım Qaydaları” mövzusunda maarifləndirici təlim proqramı uğurla həyata keçirildi.


Bu təşəbbüsün əsas məqsədi qadınları gündəlik həyatda asanlıqla tətbiq edə biləcəkləri psixoloji dəstək  və şəxsi gigiyena vərdişləri ilə tanış etmək idi. Tədbir zamanı iştirakçılara qadın psixologiyası, stressin idarə olunması, emosional balans, hamiləlik dövründə psixoloji və gigiyenik dəstək, qadın sağlamlığının həyat keyfiyyətinə təsiri kimi mövzularda geniş məlumat verildi.


Psixoloqlar və sahə üzrə mütəxəssislərin iştirakı ilə keçirilən təlimlər, qadınların gündəlik həyatlarında özlərinə göstərdikləri qayğını gücləndirməyə, həmçinin ailədaxili və ictimai münasibətlərdə daha balanslı davranış formalaşdırmağa kömək etməyi hədəflədi.


Təlimdə həmçinin qadınlara gigiyenik məhsulların düzgün istifadəsi, bədən ehtiyacları, gigiyenik sağlamlığın qadın reproduktiv sisteminə təsiri kimi aktual məsələlər izah edildi. Bu sahədə Bella Azərbaycan tərəfindən təqdim olunan nümunə məhsullar, praktik nümayişlərlə tədbirə qatılan qadınlara tanıdıldı.


Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif olundu və mövzu ətrafında sual-cavab sessiyası keçirildi. Belə təşəbbüslər qadınların sağlamlıq və rifah mövzusunda daha məlumatlı olmalarına, özlərini daha inamlı və güclü hiss etmələrinə şərait yaradır.


Əməkdaşlıq edən bütün tərəfdaşlara və dəyərli iştirakçılara təşəkkürümüzü bildiririk.
Qadınların güclənməsi üçün atılan hər bir addım bizim üçün böyük önəm daşıyır. Bu cür tədbirlərin davamlı olması və daha geniş auditoriyaya çatması üçün çalışmaqda davam edəcəyik.

Fikir Bildir

yenilə, əgər kod görünmürsə